Dekabrın 10-da Milli Azərbaycan Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən ki,…” adlı tədbir keçirilib. Tədbirdə Beynəlxalq Cambridge Məktəbi olan “Evrika” liseyinin şagirdləri və müəllimləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, ardınca Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbiri giriş sözü ilə Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açıb. O, belə tarixi günlərin muzeydə keçirilməsinin uşaqların və gənclərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Fəridə Şəmsi bildirib ki, Heydər Əliyev böyük siyasi lider olaraq Azərbaycanın siyasi, mədəni və iqtisadi inkişaf mərhələsinin formalaşmasında misilsiz rol oynayıb. Bu səbəbdən muzeydə Azərbaycanın müstəqillik dövrü tarixinin gənc nəslə əyani şəkildə çatdırılması daim diqqətdə saxlanılır.
Tədbirin davamında Muzeyin əməkdaşı Aynur Babayeva foto-slayd təqdimatı ilə “Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı rolu” mövzusunda məruzə edib. O, Ulu Öndərin mədəniyyət sahəsinə göstərdiyi böyük diqqət və qayğıdan danışaraq qeyd edib ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda muzey işi sürətlə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Bu inkişafın bariz nümunəsi olaraq ölkədə yüzə yaxın tarix-diyarşünaslıq və xatirə muzeylərinin yaradılması xüsusi vurğulanıb.
Çıxışda həmçinin Heydər Əliyevin Milli Azərbaycan Tarixi Muzeyində qorunan və onun öz dəsti-xətti ilə yazılmış sənədlərin tarixçəsi haqqında iştirakçılara geniş məlumat verilib. Bildirilib ki, Muzeyin Sənədli mənbələr fondunda Ulu Öndərin 1940-cı ildə – 17 yaşında ikən muzeyin direktoruna ekskursovod vəzifəsinə qəbul olunmaq üçün yazdığı ərizə, tərcümeyi-hal və şəxsi vərəqəsi xüsusi qaydada mühafizə olunur.
Tədbirin sonunda məktəblilər arasında mövzu üzrə bilikləri artırmaq məqsədilə intellektual anket sorğusu və kvest təşkil edilib. Daha sonra iştirakçılar Muzeyin Müstəqillik dövrü tarixini əks etdirən ekspozisiya zallarında və H.Z.Tağıyevin ev muzeyində ekskursiyada olublar.






